1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

01/06/2019 1

Uşaqların Beynəlxalq Müdafiəsi günü demək olar ki, dünyanın əksər ölkələrində qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli istiqamətində diqqətin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır.İsmayıllı Uşaq Yaradıcılıq evində rayonun uşaq bağçaları və məktəbliləri bir araya gəliblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman idarəsinin təşkil etdiyi tədbirdə İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova və TİAHİRK-nın sədri Hafiz Kərimov çıxış edərək uşaqların bayramını təbrik edib, onlara gözəl gələcək arzulayıb. Tədbirdə ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirilib. Qeyd edib ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə müxtəlif layihələr həyata keçirilir. Diqqətə çatdırıb ki, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.Respublikanın hər yerində olduğu kimi, İsmayıllı da 100 yerlik müasir körpələr evi-uşaq bağçası tikilir, həmçinin mövcud olanlar əsaslı şəkildə yenidən qurulur. Bu kimi layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.Uşaqlar hazırladıqları bir-birindən maraqlı musiqili proqram və səhnəciklərlə çıxış ediblər. Tədbirdə fəal iştirak edən uşaqlara hədiyyələr təqdim edilib.